ABŞ-ın Ohayo ştatındakı Defians şəhərinin sakinləri süni intellekt və bulud hesablama infrastrukturunun genişlənməsinə qarşı çıxaraq ərazidə iri məlumat mərkəzlərinin tikintisini qadağan etmək üçün 3 noyabr seçkiləri ərəfəsində kütləvi imza kampaniyası təşkil ediblər. Yerli icmanın kənd təsərrüfatı torpaqlarının itirilməsi, elektrik enerjisi tələbatı və su sərfiyyatı ilə bağlı narahatlıqları fonunda şəhər rəsmiləri yeni layihələrin təsdiqinə altı aylıq müvəqqəti moratorium tətbiq ediblər.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, dövlət vergi qeydlərində Ohayonun Amazon və Meta kimi texnologiya giqantlarına verilən güzəştlər səbəbindən 2 milyard dollardan çox satış vergisi gəlirindən imtina etdiyinin üzə çıxması ictimai narazılığı daha da alovlandırıb. Keçirilən son rəy sorğuları əhalinin 71 faizinin yeni məlumat mərkəzlərinin inşasına qadağa qoyulmasını dəstəklədiyini göstərir.
Yaranmış siyasi reaksiya Konqresə nəzarət uğrunda mübarizənin getdiyi ştatda Demokrat namizədlərə kənd yerlərində mövqelərini möhkəmləndirmək üçün yeni imkanlar açıb. Respublikaçı qubernator Mayk DeVayn vergi güzəştləri üzrə müraciətləri dayandırsa da, ştat qanunvericilərinin hələlik qəti tədbir görməməsi süni intellekt sektorunun gələcəyini qeyri-müəyyənlik qarşısında qoyub.
Rəşad Hüseynov