Kanadanın maliyyə naziri Fransua-Filip Şampan Böyük Britaniyanın Kanada və Avropa İttifaqı arasında yaradılması nəzərdə tutulan genişmiqyaslı iqtisadi birliyə təcili şəkildə daxil olmasının vacibliyini bəyan edib. Birləşmiş Ştatların tətbiq etdiyi qlobal gömrük rüsumları və dəyişən geostrateji şərtlər fonunda artıq dünyanın fərqli məcraya yönəldiyini vurğulayan nazir, Ottavanın ticarət qarşıdurmasında adekvat addımlar ataraq öz milli sənayesini və işçilərini qətiyyətlə qoruduğunu diqqətə çatdırıb.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, bu strateji çağırış Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Kanada üçün Aİ-yə assosiativ üzvlük qapısını açmaq kimi misli görünməmiş təklifinin ardınca səsləndirilib. Böyük Britaniya və Kanadanın tamamilə eyni geosiyasi dəyərlərə sahib olduğunu bildirən Şampan, hər iki dövlətin öz müstəqil suverenliyini saxlamaqla yanaşı, gələcəyin iqtisadi ittifaqını qurmaq üçün güclərini birləşdirmələrinin zəruri olduğunu vurğulayıb.

İngiltərə Bankının keçmiş rəhbəri Mark Karninin Strasburqda Aİ rəsmiləri ilə keçirdiyi yüksək səviyyəli görüşlər də məhz iqtisadi artım, dayanıqlılıq və təhlükəsizlik sahələrində "orta güclər" blokunun formalaşdırılmasına yönəlib. "Brexit"dən sonrakı dövrdə Vaşinqtonla ticarət sazişini yeniləməsinə baxmayaraq, Londonun bu yeni Kanada-Aİ yaxınlaşması fonunda Avroatlantik məkanındakı gələcək mövqeyi beynəlxalq analitiklər arasında geniş müzakirələrə yol açıb.

Rəşad Hüseynov