Birləşmiş Ştatlar ilə İran arasında dərinləşən hərbi-siyasi böhran fonunda strateji əhəmiyyətli Hörmüz boğazından keçən gəmilərin sayı kəskin şəkildə azalaraq həftəsonu cəmi 17-yə enib. Müharibədən əvvəl dünya neftinin və mayeləşdirilmiş təbii qazın beşdə birinin daşındığı bu əsas dəniz marşrutunda intensivlik zəifləsə də, Yaxın Şərq istehsalçıları siqnal ötürücülərini söndürməklə tankerlər vasitəsilə neft ixracını gizli şəkildə davam etdirirlər.
"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, analitik "Kpler" və LSEG şirkətlərinin son göstəricilərinə əsasən, boğazı tərk edən nəhəng xam neft tankerləri və qaz daşıyıcıları arasında İraq neftini Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanı yaxınlığında Çinə istiqamətlənən başqa bir gəmiyə ötürən "Pinios" tankeri də yer alıb. Bununla yanaşı, Qətərin Ras-Laffan limanından yük götürən "Shandong Redwood" adlı LNG tankeri də təhlükəsizlik risklərinə baxmayaraq Hörmüzü keçərək Pakistana doğru hərəkətini sürətləndirib.
Münaqişədən öncə gündəlik orta hesabla 125 iri kommersiya gəmisinin istifadə etdiyi boğazda müşahidə olunan bu durğunluq qlobal enerji bazarında ciddi narahatlıqlara yol açır. Daşıyıcı şirkətlər baş verənlərlə bağlı hələlik rəsmi şərh verməsələr də, hərbi qarşıdurma riskinin dəniz ticarətinin təhlükəsizliyini birbaşa təhdid etdiyi vurğulanır.
Rəşad Hüseynov