ABŞ Prezidenti Donald Trampın Ağ Evdə yeni helikopter meydançasını təqdim edərkən etdiyi çıxışın canlı yayımda texniki problemlərlə qarşılaşması və çətinliklə eşidilməsi, dövlət başçısı ilə media mənsubları arasında dərinləşən hüquqi və siyasi böhranı bürüzə verib. Qarşıdurma Trampın "saxta xəbərlər" yaymaqda günahlandırdığı üç aparıcı media qurumunu – CNN, "Politico" və MSNBC-ni Ağ Evə daxil olmaqdan məhrum etməsi və jurnalistlərin akkreditasiyalarını ləğv etməsi ilə kəskinləşib.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, mətbuat azadlığının pozulmasına cavab olaraq ABŞ-ın bütün əsas televiziya şəbəkələri Ağ Evin növbəli "mətbuat hovuzu" (press pool) sistemindəki fəaliyyətini dayandıraraq Prezidentin tədbirlərini kütləvi şəkildə boykot etmək qərarına gəliblər. BMT Baş Assambleyası çərçivəsində keçiriləcək görüşlər daxil olmaqla, prezidentin bütün hərəkətlərini izləyib digər media qurumları ilə material paylaşan bu sistemin iflic olması səbəbindən helikopter meydançasının təqdimatı zamanı operatorlar məkana buraxılmayıb və çıxış mikrofonsuz qalıb.
Onilliklər boyu resurslara qənaət etmək və kütləvi informasiya vasitələrini məlumatla təmin etmək üçün fəaliyyət göstərən bu birgə mexanizmin çökməsi, konstitusiya səviyyəsində söz azadlığı mübahisələrinə zəmin yaradıb. Nyu-York meri Zohran Mamdani ilə görüş kimi çoxsaylı jurnalistlərin qatıldığı digər tədbirlərdə fərdi çəkilişlər aparılsa da, "mətbuat qrupu" olmadan Ağ Evdən operativ informasiya axınının təmin edilməsi böyük sual altında qalıb.
Rəşad Hüseynov