Böyük Britaniyada 1994-cü ildə Ruandada törədilmiş dəhşətli soyqırımı ilə əlaqədar iddia olunan ilk şübhəli – əvvəllər Vinsent Bajinya kimi tanınan 65 yaşlı həkim Vinsent Braun Vestminster Magistrat Məhkəməsində müttəhim kürsüsünə çıxarılıb. Təxminən 100 gün davam edən və Hutu ekstremistlərinin Tutsi etnik qrupuna qarşı kütləvi qırğınlar törətdiyi dəhşətli olaylardan yeddi illik Britaniya istintaqının ardından məsuliyyətə cəlb edilən sabiq həkimin işi oktyabrın 9-da keçiriləcək dinləmə üçün "Old Bailey" məhkəməsinə həvalə olunub.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, prokurorluq orqanları 2001-ci il tarixli Beynəlxalq Cinayət Məhkəməsi Aktına əsasən London sakini olan Braunı Kiqalinin Ruqenge rayonunda mülki əhaliyə qarşı yönəlmiş sistemli hücumlar zamanı dinc insanların, o cümlədən bir ana və onun azyaşlı övladının qətlini idarə etməkdə, təşviq etməkdə və soyqırımına bilavasitə köməklik göstərməkdə rəsmən ittiham edir. 1980-ci illərdə Ruandada Ailə Sağlamlığı Departamentinə rəhbərlik etmiş həkimin sonradan Londona sığınaraq xeyriyyə təşkilatlarında və qaçqınlarla bağlı rəsmi işçi qruplarında fəaliyyət göstərdiyi üzə çıxıb.
İddia olunan cinayət əməllərinin Tutsi icmasını tam və ya qismən məhv etmək niyyəti daşıdığı bəyan edilərkən, Britaniya polisi ölkənin müharibə cinayətkarları üçün təhlükəsiz sığınacaq olmadığını vurğulayıb. Müttəhimin girov qarşılığında azadlığa buraxılması tələbi məhkəmə tərəfindən nəzərdən keçirildiyi bir vaxtda, bu tarixi proses beynəlxalq ədalətin bərqərar olunması yolunda mühüm addım kimi dəyərləndirilir.
Rəşad Hüseynov