Böyük Britaniyanın Hökumət rəhbəri Endi Börnem Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Nyu-Yorkda keçiriləcək görüş ərəfəsində Aİ-nin yerli istehsalçıları Çin rəqabətindən qorumaq üçün hazırladığı "Made in Europe" (Sənaye Sürətləndiricisi Aktı) təşəbbüsünün Britaniya sənayesinə və təchizat zəncirlərinə ciddi zərər vuracağı ilə bağlı xəbərdarlıq edib. Nyu-Yorka səfəri zamanı çıxış edən Baş nazir qeyd edib ki, blok daxilindəki şirkətlərə dövlət sifarişlərində üstünlük verilməsi təklifi Britaniya iqtisadiyyatına dolayı zərər vurmamalı və iki tərəf arasındakı sıx ticari əlaqələri zədələməməlidir.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, təklif olunan proqram ətrafındakı fikir ayrılıqları və keçmiş baş nazir Kir Starmerin istefası səbəbindən Aİ-Böyük Britaniya sammiti daha da gecikib. İttifaqın avtomobil sənayesi nümayəndələri pozuntuların qarşısını almaq üçün Krallığın bu proqrama daxil edilməsini istəsələr də, Börnem Avropanın əsl probleminin Britaniya olmadığını və xüsusilə polad sektorunda hər iki tərəfin eyni xarici təzyiqlərə məruz qaldığını bəyan edib.
Gələcəkdə Leyboristlər Partiyasının Aİ-yə yenidən qoşulmaq ehtimalını tam istisna etməyən hökumət başçısı, əsas prioritetinin münasibətləri bərpa edərək iqtisadiyyatı gücləndirəcək yeni razılaşmaya nail olmaq olduğunu bildirib. Eyni zamanda o, BMT çıxışında kənar qüvvələrin ölkənin demokratik proseslərinə müdaxilə cəhdlərinə karşi daha fəal mübarizə aparmağın vacibliyini vurğulayacaq
Rəşad Hüseynov