İspan mütəxəssis Xabi Alonsonun ‘’Real’’dan ayrılmağının öz qərarı olduğu, rəhbərliyin bununla bağlı hər hansı bir təlimatı olmadığı bildirilir. Bəzi mənbələr isə bunun məhz klubun qərarı olduğunu bildirir.


Kral klubuna böyük ümidlərlə gətirilən Xabi Alonsonun mövsümün ortasında getməsi bir çox azarkeş tərəfindən böyük təəcüb və məyusluqla qarşılanıb. Klub əfsanələrindən olan baş məşqçinin ilk final məğlubiyyətində komandadan ayrılması gözlənilən deyildi.


Matç sonrası Xabi Alonsonun təkidlərinə baxmayaraq ‘’Barselona’’ üçün şərəf dəhlizi qurulmayıb, bir çox oyunçu bundan imtina edib. Xabinin məhz bu səbəbdən komandadan ayrılmaq qərarına gəldiyi vurğulanır. 


Oyunçularla baş məşqçi arasında olan anlaşılmazlıqlar, emosional davranışın sportmenliyin önünə keçdiyi hallar hər zaman klub üçün arzuolunmazdır.


‘’Real’’ dünya nəhənglərindəndir və belə bir klub nümunə olaraq rəqiblərinə hər zaman hörmət göstərməlidir. Xabi Alonso əsl futbol adamı kimi davranaraq şərəf dəhlizinin qurulması üçün göstəriş verib, lakin buna əməl olunmayıb. Bu hadisə baş məşqçi ilə oyunçular arasında müəyyən problemlərin olduğunu göstərir.


İstər özü ayrılmaq qərarına gəlsin, istərsə də rəhbərliyin qərarı olsun bu hadisənin onun ayrılığında rol oynaması istisna edilmir. 


Futbol rəqabətlə yanaşı dostluğun, birliyin, hörmətin oyunudur. İstənilən komandada baş məşqçi və oyunçular arasında birlik təmin edilməzsə, bu klub üçün zərərli olacaq.



Ayaz Zeynalzadə