İranın müxtəlif şəhərlərində rejim əleyhinə etirazlar genişlənərkən, Türkiyənin terror təşkilatı PKK-nın bu ölkədəki qolu olan PJAK-a qarşı Tehranla mütəmadi kəşfiyyat məlumatları paylaşdığı məlum olub.
Postxronika.az xəbər verir ki, Milli Müdafiə naziri Yaşar Gülər ötən ilin sonundan bəri İrana sızmağa çalışan silahlı qruplar barədə gündəlik məlumat ötürüldüyünü təsdiqləyib.
Bu əməkdaşlıq nəticəsində İlam və Kirmanşah bölgələrində böyük bir terrorçu qruplaşmanın zərərsizləşdirildiyi bildirilir.
Ekspertlər, xüsusilə istefada olan admiral Cihat Yaycı, PJAK üzvlərinin İranın Urmiya kimi strateji və türklərin sıx yaşadığı bölgələrə yerləşməyə çalışdığını diqqətə çatdırıb.
Digər tərəfdən, təhlükəsizlik mütəxəssisləri İrandakı nümayişlərin hələlik rejim dəyişikliyi gücündə olmadığını, lakin xarici kəşfiyyat orqanlarının bu qarışıqlıqdan istifadə edərək terror qruplaşmalarını aktivləşdirdiyini qeyd edirlər.
Hazırda Ankara və Tehranın terrorla mübarizədəki ortaq fəaliyyəti bölgədəki hərbi balansın qorunması baxımından kritik əhəmiyyət kəsb edir.