Xocalı rayonunda təbiətə ziyan vuran yanğın hadisəsinin səbəbkarı polis əməkdaşları tərəfindən müəyyən edilib.
Postxronika.az xəbər verir ki, hadisə yanvarın 13-də rayonun Dağyurdu kəndi ərazisində qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, aparılan operativ araşdırmalar nəticəsində yanğının insan faktoru səbəbindən baş verdiyi üzə çıxıb. Belə ki, hadisəni rayon ərazisindəki fermalardan birində çoban işləyən, 1977-ci il təvəllüdlü Babaxan Əhmədovun törətdiyi məlum olub.
Araşdırmalar zamanı müəyyən edilib ki, B.Əhmədovun siqaret kötüyünü söndürmədən ehtiyatsızlıqla yerə atması yanğına səbəb olub. Alov qısa müddətdə genişlənərək ətraf əraziyə yayılıb.
Nəticədə 5 hektar sahə külə dönüb
Yanğın nəticəsində ümumilikdə 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb, ətraf mühitə ziyan dəyib.
Faktla bağlı B.Əhmədov barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.