ABŞ-də 1955-ci ildə avtobusda ağdərili sərnişinə yer verməkdən imtina edərək vətəndaş hüquqları hərəkatında mühüm rol oynayan Klodett Kolvin 86 yaşında həyata gözlərini yumub.
Postxronika.az xəbər verir ki, Roza Parksın məşhur etirazından doqquz ay əvvəl baş tutan bu cəsarətli addım Ali Məhkəmənin nəqliyyatda seqreqasiyanı qadağan edən qərarına zəmin yaradıb. Həmin vaxt cəmi 15 yaşı olan Kolvin bu hərəkəti ilə Montqomeri şəhərinin ayrı-seçkilik siyasətinə etiraz etdiyinə görə həbs olunan ilk şəxs kimi tarixə düşüb. O, müsahibələrində bu addımı atarkən özünü Harriet Tabman kimi tarixi qəhrəmanların ruhən dəstəklədiyini hiss etdiyini vurğulayıb. Uzun illər tibb bacısı kimi fəaliyyət göstərən hüquq müdafiəçisinin Texas ştatında dünyasını dəyişdiyi təsdiqlənib. İrsi Fondunun bəyanatında qeyd olunur ki, K.Kolvin Amerika tarixinin gedişatını dəyişən unudulmaz cəsarət nümunəsi miras qoyub.