Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasında ana dilimizin qorunması və inkişafı əsas hədəflərdən biri kimi müəyyən olunub. 


Postxronika.az "Azərtac"a istinadən xəbər verir ki, sənəddə Azərbaycan dilinin beynəlxalq səviyyədə təbliği, rəqəmsal platformalarda tətbiqinin genişləndirilməsi və ədəbi dil normalarının təkmilləşdirilməsi xüsusi vurğulanır. 

Konsepsiyaya əsasən, 2026-2030-cu illəri əhatə edən “Azərbaycan dilinin və ədəbiyyatının inkişafı ilə bağlı dövlət proqramı”nın hazırlanması nəzərdə tutulur.Yeni strateji xətt çərçivəsində Azərbaycan dilindən BMT və türk dillərinə tərcümə lüğətlərinin hazırlanması, habelə fonogram məlumat bazasının yaradılması planlaşdırılır. 


Görülən sistemli tədbirlər nəticəsində ana dilində elmi və bədii əsərlərin sayının artırılması, dilimizin yayılma coğrafiyasının genişləndirilməsi hədəflənir. Eyni zamanda, rəqəmsal mühitdə Azərbaycan dilinin rolunun gücləndirilməsi məqsədilə innovativ texnologiyaların tətbiqi də prioritet məsələlər sırasındadır.