ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın Birləşmiş Ştatların idarəçiliyinə keçməsini milli təhlükəsizlik baxımından qaçılmaz adlandırıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısı adanın strateji əhəmiyyətini vurğulayaraq bu addımın NATO-nu daha qüdrətli və effektiv hərbi gücə çevirəcəyini iddia edib. O, bölgənin rəsmi Vaşinqtonun nəzarətinə verilməməsini "qəbuledilməz" hesab edərək əks halda Rusiya və ya Çinin orada möhkəmlənə biləcəyi barədə xəbərdarlıq edib.

​Buna cavab olaraq Danimarka və Qrenlandiya rəsmiləri ərazinin satılmayacağını və suverenliyin toxunulmazlığını bəyan edərək bölgədə hərbi hazırlığı artırıblar. Avropa İttifaqı və Fransa liderləri isə Trampın bu təşəbbüsünə kəskin etiraz bildirərək müttəfiq ölkənin ərazi bütövlüyünün pozulmasının ağır nəticələr doğuracağını vurğulayıblar. Ağ Ev rəhbəri isə tərəfdaşların narazılığına rəğmən adanı "bu və ya digər yolla" əldə etmək niyyətindən geri çəkilməyəcəyini qeyd edib.