İstanbulun Zeytinburnu rayonunda yerləşən lüks yaşayış binalarından birinin foyesində şübhəli bağlamanın açılması zamanı partlayış baş verib. 


Postxronika.az xəbər verir ki, kuryer tərəfindən gətirilən paketin içərisinə pirotexniki vasitələr (atəşfəşanlıq sursatı) yerləşdirildiyi məlum olub. Hadisə nəticəsində təhlükəsizlik xidmətinin iki əməkdaşı yüngül xəsarət alıb.

Kuryerin geyimində şirkət loqosunun olmaması mühafizəçilərdə şübhə yaradıb və onlar dərhal mənzil sahibini məlumatlandırıblar. Sakin aşağı enərək bağlamanı yoxlamaq üçün açdığı an qutu qəfil alışıb və ətrafa qığılcımlar yayılıb. 


Xəsarət alan işçilər xəstəxanadakı ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Faktla bağlı polis tərəfindən cinayət işi başlanılıb və kuryer qismində bağlamanı gətirən şəxsin axtarışları davam edir.