Antarktidada itən okean robotu 9 ay sonra yenidən üzə çıxıb.
9 ay öncə Avstraliyanın milli elm agentliyi CSIRO sərbəst üzən okean robotunu Totten Buzulunu araşdırmaq üçün göndərib. Ancaq robot axıntılara düşüb və doqquz ay ərzində itkin hesab olunub.
Postxronika.az xəbər verir ki, yaxın günlərdə alimlərin artıq ümidini kəsdiyi qurğu gözlənilmədən üzə çıxıb. O çatılması ən çətin bölgələrdən biri sayılan Denman Buzulunun altından kritik məlumatlarla geri qayıdıb.
Robotun təqdim etdiyi nadir məlumatlar Shackleton buz şelfinin hazırda təhlükəsiz olduğunu, lakin Denman Buzulunun altında isti su kütlələrinin mövcud olduğunu və bunun əriməyə səbəb verdiyini göstərib.
Təkbaşına qlobal dəniz səviyyəsini təxminən 1,5 metr yüksəltmə potensialına malik olan bu buzlaq sahil zolaqları üçün ciddi təhlükə yaradır.
Qeyd edək ki, qurğu buz şelfinin altında sıxışıb qaldığı müddətdə səthə çıxmağa çalışarkən toxunduğu nöqtələrdən dərinlik, duzluluq və temperatur ölçmələri apararaq Şərqi Antarktidanın altındakı ilk okean məlumatlarını qeydə alıb.
"Science Advances" jurnalında dərc olunan bu nəticələr gələcəkdə oxşar robotların daha uzaq və riskli bölgələrə göndərilərək həyati əhəmiyyətli iqlim məlumatları toplaya biləcəyini sübut edib.