Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Mixailo Fedorov ölkənin hərbi sistemindəki kritik vəziyyətlə bağlı sensasion rəqəmlər açıqlayıb.
Postxronika.az xəbər verir ki, nazirin sözlərinə görə, hazırda 200 minə yaxın əsgər hərbi hissəni icazəsiz tərk edib, 2 milyondan çox vətəndaş isə hərbi xidmətə çağırışdan yayınır. Bu rəqəmlər Ukraynanın Rusiyaya qarşı müharibənin beşinci ilinə daxil olduğu bir vaxtda ordunun ciddi canlı qüvvə böhranı ilə üz-üzə qaldığını göstərir. Yanvarın 14-də parlament tərəfindən təsdiqlənən 34 yaşlı Fedorov qeyd edib ki, əsas məqsədi korrupsiyanı kökündən kəsmək və səfərbərlik sistemini rəqəmsallaşdıraraq şəffaflığı təmin etməkdir. O, həmçinin orduda yeni liderlik mədəniyyətinin yaradılmasının və texnoloji islahatların vacibliyini vurğulayıb. Rəsmi Kiyev bu daxili problemlərin həllini cəbhədəki mövqelərin qorunması üçün ən vacib addım kimi qiymətləndirir.
Eyni zamanda, ölkə daxilində səfərbərlik qaydalarının sərtləşdirilməsi və hərbi çağırış məntəqələrindəki yoxlamaların artırılması nəzərdə tutulur.