"Barselona"nın sabiq müdafiəçisi Jerar Pike "Real"ın İspaniya Kral Kubokunun 1/8 final mərhələsində "Albasete"yə uduzmasına kinayəli reaksiya verib.

Postxronika.az xəbər verir ki, "The Touchline" nəşrinin yaydığı məlumata görə, keçmiş futbolçu "X" hesabında "Yeni "Real" üçün yaxşı debüt, 3:2" yazaraq rəqibi ələ salıb. Karlos Belmonte stadionunda baş tutan görüşdə Madrid təmsilçisi gözlənilmədən meydanı məğlub tərk edərək turnirlə vidalaşıb. Qeyd edək ki, bu qarşılaşma Xabi Alonsonu əvəzləyən yeni baş məşqçi Alvaro Arbeloanın komanda sükanı arxasında ilk sınağı idi. Kataloniyalı ulduz isə əzəli rəqibin bu uğursuz başlanğıcını fürsət bilərək, məğlubiyyəti hədəfə alıb.