İranda baş verən son kütləvi etirazlar ölkədəki siyasi sabitliyi və hakimiyyət-vətəndaş münasibətlərini ciddi sınaq qarşısında qoyub. Beynəlxalq monitorinq qruplarının və medianın yaydığı məlumatlar bölgədə gərginliyin artdığını, tərəflər arasındakı etimadın minimuma endiyini göstərir. Mövcud vəziyyətin səbəbləri və mümkün nəticələri ətrafında suallar aktual olaraq qalır. 

Mövzu ilə bağlı beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Postxronika.az saytına açıqlamasında vəziyyəti belə şərh edib:

Hazırkı böhranın hakimiyyət və cəmiyyət arasında danışıqlar yolu ilə həlli nə dərəcədə mümkündür?

"İranda hakimiyyət və cəmiyyət arasındakı parçalanma özünün pik həddini yaşayır. Son etiraz aksiyaları 1979-cu il inqilabından bəri hakimiyyətlə vətəndaşların bir-birindən fəlakətli şəkildə qopduğunu sübut edən ən ciddi fakta çevrilib. Dünya mediasında yer alan məlumatlara görə, son hadisələr zamanı azı 12 min mülki şəxs öldürülüb. Bəzi ilkin mənbələrdə isə bu rəqəmin hətta 20 minə çatdığı bildirilir. İndiyə qədərki etiraz aksiyalarının heç birində bu miqyasda insan itkisi müşahidə olunmayıb.

Məsələnin ikinci tərəfi hakimiyyət və xalq arasındakı nifrətin dərəcəsi ilə bağlıdır. İranın inqilab edən kütləsinin mütləq əksəriyyətinin kənarda qalması fonunda, cəmiyyətin çox az bir faizini təşkil edən mollaların və dini şəriətçilərin hakimiyyətə gəlməsi hələ inqilabın təməlində ciddi bir ayrımçılıq və parçalanma yaratmışdı. Lakin üzərinə 40 illik fəaliyyət dövrü də gəldikdə, bu artıq olduqca geridönməz proseslərdən xəbər verir".

İranda siyasi qüvvələr arasındakı mübarizə və etnik qrupların mövqeyi ölkənin gələcək idarəçilik modelini müəyyən edən əsas amillərdən hesab olunur. Hazırda hakimiyyət daxilindəki qruplaşmalar və xaricdən dəstəklənən müxalif hərəkatlar arasında ciddi nüfuz savaşı gedir.

Pezeşkian türklərin və islahatçıların dəstəyini tam itirərsə, rejim daxilində Pəhləvi tərəfdarlarına qarşı dayana biləcek üçüncü bir alternativ qüvvə mövcuddurmu?

"Prinsip etibarilə İran xalqı monolit deyil. Son hadisələr göstərdi ki, kürdlər, bəluclar, lorlar, türklər və farslar fərqli siyasi cəbhələrdə dayanırlar. Nə qədər qəribə olsa da, əslində molla rejimi ətrafında hakimiyyəti idarə edən və birləşdirici qüvvə rolunu oynayan faktorlardan biri türklərdir.

Bütövlükdə Məsud Pezeşkian faktoru diqqət çəkir. Onun xalq tərəfindən seçilməsi, Cənubi Azərbaycandan olması, yəni həm türk, həm də ana tərəfdən kürd kökənli olması imkan verirdi ki, fars dominasiyasına və molla rejiminə qarşı alternativ bir fiqur olsun. Lakin bunun reallaşması üçün molla hakimiyyəti hadisələrdə güzəştə gedə biləcək bir mövqe tutmalı idi. Pezeşkianın son addımlarını təhlil edərkən demək olar ki, qan tökülməmişdən öncə müəyyən ümidlər və ya reallıqlar mövcud ola bilərdi. Amma indiki şəraitdə daha mürəkkəb bir mənzərə yaranıb. Görünən budur ki, Pəhləvi tərəfdarlarına göstərilən güclü qlobal maliyyə dəstəyi fonunda ölkə daxilində başqa alternativ gücün formalaşması demək olar ki, imkansızdır".

İranın daxili siyasətindəki gərginlik və xarici güclərin bölgədəki təsir imkanları ölkənin gələcək taleyini müəyyən edən əsas faktorlardandır. Etnik qrupların fəallaşması və mərkəzi hakimiyyətin nəzarət imkanlarının müzakirəsi dinc keçid ehtimallarını zəiflədir.

İran daxilindəki fərqli güc mərkəzlərinin toqquşması ölkəni vətəndaş müharibəsinə, yoxsa dinc keçidə aparır?

"1979-cu il İran inqilabı dövründə dünyada 'Soyuq müharibə' gedirdi, SSRİ və ABŞ qarşıdurması var idi. İndi isə ABŞ və İsrailə qarşı dayana biləcek yeganə qüvvə Çindir. Lakin Çinin İranın daxilinə nə dərəcədə təsir göstərə biləcəyi sual doğurur. Eyni zamanda, təxminən iki əsrə yaxın İranın daxili siyasətində rol oynamış Rusiyanın da hazırda əlində elə bir rıçaq yoxdur ki, proseslərə müdaxilə etsin və ya hansısa qüvvənin formalaşmasına yardım göstərsin.

Bu gün İranda bir neçə təzahür meydana çıxır ki, bunlardan ən barizi etnik parçalanmadır. Əvvəlki hakimiyyət, yəni Pəhləvilər, etnik kimliyə deyil, daha çox mədəni və ümumbəşər dəyərlərə əsaslanan bir "İrançılıq" modeli inşa etmişdilər. İndiki vəziyyətdə isə dinc keçiddən danışmaq çox çətindir. Çünki ölkənin elə bölgələri var ki, faktiki olaraq mərkəzi hakimiyyətdən qopublar. Ərəblərin, türkmənlərin və kürdlərin yaşadığı bölgələri buna misal göstərmək olar. Bu mənada, proseslərin gedişində PJAK-ın fəallaşması və müxtəlif şəhərlərdə silahlı aksiyalara qoşulması göstərir ki, ciddi vətəndaş qarşıdurmasına gedən yollar açılmaqdadır. Əgər hakimiyyət hadisələri konsolidasiya edə bilməzsə, elə onların öz maraqlarında bu olacaq ki, vətəndaş müharibəsi vasitəsilə əks qüvvələr bir-birini gücdən salsın".

İranda baş verə biləcək hər hansı ciddi siyasi və ya hərbi sarsıntı birbaşa qonşu dövlətlərə, xüsusilə də Azərbaycana təsirsiz ötüşmür. Regional sabitliyin qorunması və mümkün humanitar risklərin idarə olunması rəsmi Bakı üçün prioritet məsələlərdəndir.

İranın mümkün parçalanması Azərbaycana necə təsir edər?

"Açığı, İranda hərbi qarşıdurmaların daha da genişlənməsi fonunda biz böyük qaçqın axınının şahidi ola bilərik. Bu isə bizi ən çox təhdid edən məsələlərdən biridir. Çünki Azərbaycan elə bir coğrafi mövqedə və statusdadır ki, regional, hətta qlobal miqyaslı bir güc olan İranda baş verən partlayışların bizə zərəri çox böyük ola bilər.

Ona görə də İranın mümkün parçalanması ssenarisi fonunda Bütöv Azərbaycan və ya Şimali Azərbaycanla birləşmə məsələsi gündəmə gəlsə də, indiki nöqteyi-nəzərdən bu yanaşma çox populist görünür. Çünki İran elitasında təmsil olunan azərbaycanlı türklər çox güclüdür. Onların həm ordu, həm də dini-ideoloji sistem daxilindəki mövqeləri zirvədədir. Bu təbəqəyə alternativ yeni bir elita formalaşmadan birlik ideyalarını müzakirə etmək çox çətindir və məncə, bu, mümkün də deyil. Ona görə də hələlik bu ssenarini rəfə qaldırmaq daha məqsədəuyğun görünür".


Müjgan Əhməd