“Qətl günü” romanı Azərbaycan ədəbiyyatında postmodernizm cərəyanının
bariz nümunələrindən biridir. Yusif Səmədoğlunun yaradıcılığında xüsusi yeri
olan bu roman 1987-ci ildə çap olunub. Burada 3 fərqli dövrün əlaqələndirilməsi,
şah, vəzir və mifik obrazlarının yaradılması Y.Səmədoğlu yaradıcılığına məxsus
üslublardan biridir. Bəlkə buna görədir ki, əsər ədəbiyyatşünaslar tərəfindən
yüksək qiymətləndirilir.
Azərbaycan romançılığında yenilik kimi əsərdə xalqın milli-mənəvi, iqtisadi həyatını özündə birləşdirən yaddaş qatlarına müraciət olunub. SSRİ-də xalqların tarixinə, milli-mənəvi dəyərlərinə məhdud mövqedən yanaşılıb. Amma “Qətl günü”nün ərsəyə gəldiyi vaxtda artıq Sovet hakimiyyəti zəifləyirdi. Buna görə əsərdə tarixi hadisələr müasir nöqteyi-nəzərdən qiymətləndirilib, müxtəlif tarixi dövrlər bir-biri ilə assosiativ şəkildə əlaqələndirilib.
Əsərdə tarixin üç müxtəlif dövrünün həqiqətləri və bu dövrlərdəki
insan taleləri əks olunub. Zaman dəyişir, bəşəriyyət tərəqqiyə doğru irəliləyir,
ancaq insandakı əzəli-əbədi xasiyyətlərin bir çoxu dəyişilməz qalır. Bu üç
dövrdə də dəyişməyən şər daşıyıcılarının olmasıdır. Hökmdar, Salahov, Səməndərov,
Kərimli və b. obrazlar əməlləri ilə insanlara böyük zərər verir. Belə şər qüvvələr
həmişə xalqın inkişafına xələl gətirir. Qacar işğalı, repressiya və müəllifin
yaşadığı dövrlər məntiqi əlaqələrlə bağlanaraq böyük ustalıqla təsvir edilib.
Yazıçı burada xalqın gözünü açıb, tarixi həqiqətləri göstərmək üçün keçmişə
müraciət edərək müasir dövrün problemlərinin, ictimai bəlaların kökünü, səbəbini
axtarmağa çalışıb. Əsər müəllifin tarixi yaddaşa bağlılığını və tarixi yaddaşa
verdiyi əhəmiyyəti göstərir.
Ədəbiyyatşünaslar romanın Mixail Bulqakovun “Master və
Marqarita” əsərinə bənzədiyini düşünürlər. Qeyd edək ki, əsərlərin yazılma
texnikası oxşardır. Mətn içində mətn, zaman paralelliyi vardır. Hər ikisində
müxtəlif vaxtlarda baş verən hadisələr bir-biri ilə əlaqələndirilir və ümumi
fikrin çatdırılmasına təkan verir. “Master və Marqarita”da fırtına,
“Qətl günü”ndə də külək yer alır.
“Qətl günü” əsərində Sədi Əfəndinin romanla eyniadlı gündəliyi
“Master və Margarita”da Masterin yazdığı kitabla oxşarlıq təşkil edir.
Gündəliklə bizi Sədi Əfəndinin qızı Səlimə xanım vasitəsilə əsərdə gündəliyin olduğunu görürük. Sədi Əfəndi isə
haqsızlıq qurbanı olan bir ziyalıdır. Xəstə Səlimə xanımın gətirdiyi gündəlik
vasitəsilə Sədi Əfəndinin keçdiyi əziyyətli həyatı haqqında məlumat əldə edir.
“Master və Marqarita” əsərində Master sevgilisi Margarita ilə birlikdə Ponti
Pilat haqqında dini motivli roman yazır, ancaq əsərin nəşrinə icazə verilmir.
Master isə haqsız yerə təqiblərə məruz qalır və əsəri yandırır. Bundan sonra
psixiatrik xəstəxanaya yerləşdirilir. Göründüyü kimi, “Master və Marqarita”nın
bu roman üzərində təsiri böyükdür. Lakin oxşarlıqlara yanaşı fərqliliklər də mövcuddur.
“Qətl günü”nün Zərdüştilik dininin kitabı olan “Avesta” ilə bağlılığı vardır. “Avesta”da pis əməllər tənqid olunur: “Pis əməllərin, aldanmış və zavala uğramışların hamısının naləsi yüksələcəkdir. Hamıdan yüksəkdə olan kimsə çox tezliklə onlara ölüm zəncirləri ilə cəza verəcəkdir” (Yəsna, 53-cü Hat, “Vəhiştəiştəqat”). “Qətl günü” romanını oxuduqda da bu fikirlərlə səsləşən nümunələrə rast gəlmək olar. Belə ki, hökmdar qoşun yığıb müharibəyə başladığı zaman Baba Kahadan bərk külək əsir və baş münəccim bunun tanrının onlara qəzəblənməsi ilə bağlı olduğunu deyir, amma hökmdar başa düşmür, bunu şeytan əməli adlandırır, tanrının qəzəbi ilə heç bir əlaqəsinin olmadığını bildirir.
Hər ikisində axirət günü məsələsinə toxunulur: “Son hesab
günündə qabaqcadan xəbər verildiyi kimi, yalanpərəstlər, divlər və günahkar
adamlar doğru tərəfdarları vasitəsilə məğlubiyyətə uğrayacaqlar” (Yəsna, 48-ci
hat “İşpentəməydqat”). “Qətl günü” əsərində də son gün hamı Baba Kahaya gedir. Burada pis əməl sahiblərinin cəzalandırılacaqlarına işarə olunur. “Qətl
günü”ndə bu əməllər göstərilir və külək vasitəsilə pis əməlləri törədən
insanlara xəbərdarlıq edilir.
“Avesta”da yalançıların əməllərinin düzgün olmaması göstərilir:
“Beləliklə, yalanpərəstin əsil mahiyyəti özü üçün düzgün yolun düzgün
mükafatını aydın şəkildə puça çıxardı. Əməllər Sirat körpüsü üstündə göründükdə
onun ruhu qorxuya dalacaqdır. Çünki o öz dili və əməli ilə düzgün yoldan
dönmüşdür” (Yəsna, 51-ci Hat, Vohuxşətraqat). Əsərdə hökmdarın pis əməllərinin
olmasının zərərli olduğu göstərilir. Hökmdarın pis əməlləri, günahsız
insanlara qarşı etdikləri, şairin ölüm fərmanını verməsi göstərilir.
“Qətl günü” ilk baxışda məhəlli, milli xarakter daşımış kimi görünsə də, sonradan bəşəri
miqyasa doğru genişlənən, tarixə, insana, yaddaşa, əmələ, günaha yeni münasibət
təyin edən bir əsər olduğu ortaya çıxır. Bu əsərdə yaddaş insanı rahat buraxmır, ömrünün
ayrı-ayrı vaxtlarında insanın yaxasından asılır, indini və gələcəyi təyin edir.
Kirlikir obrazı isə sanki insanların yaddaşını bərpa edir, unutduqları dəhşətləri,
bəd əməlləri onların yuxusuna girərək xatırladır. O insanı mənəvi
yaddaşsızlıqdan xilas etməyə çalışan bir obrazdır. Kirlikirin bir gözünü yumub
qarnını qaşıması pis hadisələrə göz yumulmasını kinayəli göstərir. Kirlikir xəstənin
yuxusuna girir və Səməndərovun insanları zəhərləyərək pul
qazandığını deyir. Xəstə isə bunu eşidənə qədər Səməndərovu fağır və hörmətli
adamlardan hesab edirmiş. Kirlikirin yuxulara girməkdə məqsədi də insanları həqiqətlərdən
agah etmək idi.
Həmçinin “Qətl günü” əsərində tükü tökülmüş canavar obrazı da
vardır ki, o, Türk mifologiyasının Bozqurdunu əvəz edir. Yazıçı Y. Səmədoğlu
bununla insanların öz əqidə və əcdadlarından uzaqlaşmasına, onların
yadlaşmasına nişan verir. Göründüyü kimi “Qətl günü” əsəri özünəməxsus təbiiliyi
ilə seçilən və Azərbaycan ədəbiyyatında ön planda olan, güclü süjet xətti ilə
yaradılmış bir əsərdir.
Həvva