Tarixçi və Abraham Lincoln haqqında məşhur bioqrafiyaların müəllifi Doris Kearns Goodwin-in fikrincə, Lincolnun yaşadığı dövrdə natiqlik bacarığı siyasi uğurun mərkəzində dayanırdı və şifahi ünsiyyət “günəşin doğuşundan batışına qədər” ictimai mühiti doldururdu.
Aşağıda təqdim olunan Abraham Lincoln çıxışları onun İllinoys ştatının Springfild şəhərində nisbətən tanınmayan bir şəxs olmasından Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yüksəlməsinə qədər keçən 27 illik dövrü əhatə edir.
Bu çıxışların bəziləri artıq klassikləşmişdir. Gettysburq Çıxışı və “Bölünmüş Ev” Çıxışı Lincolnun ən çox diqqət çəkən məşhur nitqləri sırasındadır. Digərləri Amerika Vətəndaş Müharibəsi dövründə səsləndirilmişdir; Birinci İnauqurasiya Çıxışı və Son İctimai Çıxışı da daxil olmaqla bir çoxu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bəzi nitqlər isə azadlıq ideyasına və Lincolnun Amerikanın əsas günahı hesab etdiyi köləlik mövzusuna dair baxışlarına həsr olunmuşdur; Peoria Çıxışı və Cooper Union Çıxışı bu mövzuların güclü təsiri altında formalaşmışdır.
Deyilir ki, Abraham Lincoln həyatı boyunca yüzlərlə çıxış etmişdir. Bu, onun gənc yaşlarından siyasətə atılması və nəticədə ABŞ prezidentliyini qazanması ilə birbaşa bağlı idi. Goodwin Lincolnun ilk çıxışları haqqında yazırdı: “Lincolnun təsirli natiqliyi onu istər canlı dinləyənlərin, istərsə də çıxışlarını qəzetlərdən oxuyan geniş auditoriyanın rəğbətini qazanmasına səbəb olmuşdu. Şöhrəti artdıqca, onu çıxış etməyə dəvət edənlərin sayı da çoxalırdı".
Lisey çıxışı (1838)
Abraham Lincolnun hələ iyirmi səkkiz yaşında olarkən, 27 yanvar 1838-ci ildə İllinoys ştatının Springfild şəhərində yerləşən Gənc Kişilər Liseyində etdiyi bu çıxış, onun ilk dəfə nəşr olunan nitqlərindən biri olması, eləcə də sonrakı çıxışlarında və gələcək siyasi qərarlarında üzə çıxacaq bir sıra əsas ideyaları ön plana çıxarması baxımından diqqətəlayiqdir.
Lincolnun “Siyasi Qurumlarımızın Qorunub Saxlanılması” başlıqlı Lyceum Çıxışı cəmiyyətdəki nizamsızlığın yaratdığı təhlükəyə fokuslanmışdı. Tarixçi və Abraham Lincolnun məşhur bioqrafı David Herbert Donald qeyd edir ki, “bu mövzu şəhərin gələcək vəd edən gənc kişilərinin natiqlik bacarıqlarını sınadıqları və həmyaşıdları qarşısında danışıq qabiliyyətlərini inkişaf etdirdikləri Lyceum toplantıları üçün ənənəvi mövzulardan biri idi.” Lakin Donaldun sözlərinə görə, “Lincoln bu çıxışı son dərəcə şəxsi və özünəməxsus bir şəkildə formalaşdırmışdı.”
Lincolnun Lyceum Çıxışının birinci hissəsində dövrün standart Whig siyasi ritorikasından istifadə olunduğu irəli sürülürsə, ikinci hissə daha çox gələcəyə yönəlir. Bu hissədə duyğuların geri plana çəkildiyi, soyuqqanlı məntiqin — Lincolnun öz ifadəsi ilə desək, “sağlam ağıl mənbəyindən yonulmuş” bir gələcəyin ön plana çıxdığı vurğulanır.
Lisey Çıxışından sitat: “Əgər qanunlara daim hörmətsizlik göstərilər və onlar gözardı edilərsə, əgər insanların can və mal təhlükəsizliyi hüquqları bir kütlənin istəklərindən asılı vəziyyətə düşərsə, bu halda hökumətə olan sədaqətin sarsılması təbii bir nəticədir; və gec-tez bu mərhələyə mütləq gəlinəcəkdir. Məhz bu nöqtədə təhlükə ortaya çıxır.
Sual təkrar-təkrar meydana çıxır: “Bunun qarşısını necə alacağıq?” Cavab sadədir. Hər bir amerikalı, hər bir azadlıqsevər insan, gələcək nəsillərinin rifahını arzulayan hər kəs İnqilabın qanı üzərinə and içsin ki, ölkənin qanunlarını ən kiçik şəkildə belə pozmayacaq və başqalarının pozmasına əsla göz yummayacaqdır. Necə ki, 1776-cı ilin vətənpərvərləri Müstəqillik Bəyannaməsini müdafiə etmək üçün canlarını ortaya qoymuşdularsa, hər bir amerikalı da Konstitusiyanı və qanunları qorumaq naminə canını, malını və müqəddəs şərəfini fəda etməyə hazır olmalıdır. Hər bir insan bilməlidir ki, qanunu pozmaq atasının qanını tapdalamaq və həm özünün, həm də övladlarının azadlığının nüfuzuna xələl gətirmək deməkdir.
Qanunlara hörmət hər bir amerikalı ana tərəfindən qucağında mızıldanan, kəkələyən körpəsinə aşılanmalıdır; məktəblərdə, seminariyalarda və universitetlərdə öyrədilməlidir; oxu kitablarında, imla kitablarında və təqvimlərdə yazılmalıdır; minbərlərdən təbliğ edilməli, qanunverici məclislərdə elan olunmalı və ədalət məhkəmələrində tətbiq edilməlidir. Bir sözlə, bu, millətin siyasi dininə çevrilsin; və yaşlılar da, gənclər də, varlılar da, kasıblar da, ciddilər də, şənlər də — hər cinsdən, dildən, rəngdən və mövqedən olan hər kəs fasiləsiz olaraq onun qurbangahlarında öz fədakarlıqlarını təqdim etsin”.
Mənbə: Benjamin Spall