Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev yanvarın 16-da Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Postxronika.az "Azərtac"a istinadən xəbər verir ki, vida mərasimində dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edərək qəhrəmanın xatirəsini ehtiramla yad ediblər. Mərhumun nəşi hərbi orkestrin müşayiəti, Dövlət Himninin sədaları və yaylım atəşi altında son mənzilə yola salınıb.
Əslən Şuşadan olan Şahin Tağıyev Birinci Qarabağ müharibəsində "Qurtuluş" batalyonunun komandiri kimi Ağdərə və Tərtər istiqamətlərində gedən döyüşlərdə böyük şücaət göstərib.
Ötən ilin dekabrında İsveçdə vəfat edən qəhrəmanın cənazəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Vətənə gətirilib. Onun döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi hesab olunur. Mərasim iştirakçıları Milli Qəhrəmanın məzarı üzərinə əklillər qoyub və ruhuna dualar oxuyublar.