ABŞ-nin İrana qarşı mümkün hərbi zərbələri müzakirə olunduğu bir vaxtda prezident Donald Tramp hələlik qərar verməkdən çəkinib.

Postxronika.az CNN-ə istinadla xəbər verir ki, Tramp İran hakimiyyətinin etirazçılara qarşı edamları dayandırması ilə bağlı məlumatlardan sonra hərbi əməliyyat variantını müvəqqəti olaraq gündəmdən çıxarıb.

Məlumata görə, prezident xüsusilə iranlı etirazçı Erfan Soltaninin edam ediləcəyi xəbərlərindən ciddi narahatlıq keçirib və bu məsələ onu hərbi seçimləri nəzərdən keçirməyə vadar edib.

Lakin İran tərəfinin edamların təxirə salındığını elan etməsi Vaşinqtonda gərginliyin azalmasına səbəb olub.

Buna baxmayaraq, Ağ Ev hərbi seçimin tamamilə istisna edilmədiyini, bölgədə ABŞ-nin hərbi fəallığının davam etdiyini açıqlayıb.

Rəsmi Vaşinqton hazırda vəziyyəti izlədiyini və növbəti addımların proseslərin gedişindən asılı olacağını bildirir.