Uelsdə XIX əsrə aid yüzlərlə ayaqqabı sahilə vurub.
Uelsin cənubundakı Ogmore-by-Sea çimərliyində qayalıq əraziləri təmizləyən könüllülər heç gözləmədikləri bir mənzərə ilə qarşılaşıblar.
Postxronika.az xəbər verir ki, “Beach Academy” adlı təşkilatın könüllüləri dəniz tullantılarını toplamaq üçün çimərliyə getdikləri zaman müasir zibillərin arasında çox daha qədim bir tapıntıya rast gəliblər. Qayaların arasındakı oyuqlarda Viktoriya dövrünə (1837–1901) aid olduğu ehtimal edilən yüzlərlə qara dəri çəkmə və ayaqqabı aşkar olunub.
Tapılan çəkmələrin əksəriyyətində həmin dövrə xas olan “mıxlı altlıqlar” (huni formalı metal mıxlar) mövcuddur. Ayaqqabıların dizaynı fəhlələr və ya dövrün əsgərləri tərəfindən istifadə edilən ağır iş üçün nəzərdə tutulmuş çəkmələri xatırladır.
Hər kəsə maraqlıdır ki, bu ayaqqabılar haradan gəlib?
Bu qədər çox ayaqqabının eyni nöqtədə toplanması ilə bağlı bir neçə ehtimal irəli sürülür:
Ən güclü versiyaya görə, XIX əsrin sonlarında bölgəyə yaxın ərazidə minlərlə ayaqqabı daşıyan bir yük gəmisi batıb. Uzun illər keçdikdən sonra gəmi qalıqlarının parçalanması və ya dəniz dibindəki qumların yer dəyişməsi nəticəsində bu çəkmələrin sahilə vurub.
Bəzi mütəxəssislər isə bölgənin bir vaxtlar sənaye tullantıları üçün istifadə olunan sahə və ya yaşayış məntəqələrinin boşaltma nöqtəsi ola biləcəyini, eroziyanın bu qalıqları üzə çıxardığını iddia edirlər.
Qeyd edək ki, xəbər yayıldıqdan sonra sosial mediada bir çox istifadəçi illər ərzində eyni bölgədə tək-tək ayaqqabılar tapdıqlarını, lakin heç vaxt bu qədər böyük bir yığına rast gəlmədiklərini bildirib. Hətta bəzi yerli sakinlərin bu ayaqqabıları uzun illərdir evlərində “dəniz xatirəsi” kimi saxladıqları da məlum olub.