Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adəm Kadırovun olduğu kortej Qroznı şəhərində ağır yol-nəqliyyat hadisəsinə düşüb. 

Postxronika.az xəbər verir ki, "Kavkaz.Realii"nin mənbələrə istinadən yaydığı məlumata görə, qəza nəticəsində ağır yaralanan Adəm Kadırov huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerindən gələn xəbərlərdə kortejin yüksək sürətlə hərəkət etdiyi və avtomobillərin zəncirvari şəkildə bir-birinə çırpıldığı bildirilir. Hazırda Qroznıdakı respublika xəstəxanasına gedən bütün yolların təhlükəsizlik qüvvələri tərəfindən bağlandığı və Adəmin reanimasiyada olduğu vurğulanır.

Müxalif teleqram kanallarının və yerli mənbələrin məlumatına görə, Adəm Kadırovun vəziyyəti kritik qiymətləndirilir və onun təcili olaraq Moskvaya təxliyə edilməsi üçün hazırlıqlar görülür. Qəza zamanı kortejdə olan digər şəxslər arasında da ölənlərin və yaralananların olduğu iddia edilir. Qeyd edək ki, 18 yaşlı Adəm Kadırov Çeçenistanın Təhlükəsizlik Şurasının katibi və bir sıra mühüm vəzifələrin icraçısıdır. Rəsmi Qroznı hələlik hadisə ilə bağlı geniş açıqlama verməsə də, şəhərdə hərbi və təhlükəsizlik tədbirlərinin gücləndirildiyi müşahidə olunur.