Bakının Nəsimi və Qaradağ rayonları ərazisində müxtəlif zaman kəsiyində beş nəqliyyat vasitəsindən maqnitofon oğurlanması barədə polisə məlumat daxil olub.
Postxronika.az xəbər verir ki, qeyd olunan cinayət əməlləri nəticəsində avtomobil sahiblərinə ümumilikdə 2144 manat məbləğində maddi ziyan dəyib.
Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri çevik əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Məlum olub ki, bu əməlləri əvvəllər məhkumluq həyatı yaşamış 23 yaşlı Y.İbrahimov törədib. O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.