Qazaxıstanın Astana şəhərində 10-14 yanvar tarixlərində keçirilən XXII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) Azərbaycan təmsilçiləri üçün uğurlu nəticələrlə yekunlaşıb. Yeniyetmələrimiz bu nüfuzlu bilik yarışında 5 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal əldə ediblər.
Postxronika.az xəbər verir ki, fizika fənni üzrə yüksək hazırlıq nümayiş etdirən Bakı şəhəri Texniki-Humanitar Liseyinin XI sinif şagirdi Məhəmməd Cəfərli, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin (FRİTL) XI sinif şagirdi Raiq Babazadə və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Murad Xəlil gümüş mükafata sahib olublar. Eyni fənn üzrə Sumqayıt şəhəri N. Gəncəvi adına Texniki və təbiət elmləri liseyinin XI sinif şagirdi Zeynəb Məmmədli isə bürünc medala layiq görülüb.
Riyaziyyat yarışı üzrə Təbiət Elmləri Təmayüllü Gimnaziyanın XI sinif şagirdi Davud Tarverdili və Bakı şəhəri 287 nömrəli “Zəkalar” Liseyinin X sinif şagirdi Fərhad İskəndər ölkəmizə bürünc medallar qazandırıblar.
İnformatika sahəsində də uğurlarımız davam edib. Bakı Türk Anadolu Liseyinin XI sinif şagirdi Əhməd Qəmbərli və FRİTL-in X sinif şagirdi Əkbər Əhmədov gümüş medalla təltif olunublar. Bu istiqamətdə digər uğurlu nəticələri isə 157 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsən Vəliyev və Akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Fateh Əhmədzadə göstərərək bürünc mükafat qazanıblar.