İranın ali rəhbəri Ayətullah Əli Xamenei ölkədə iki həftədən artıq davam edən etirazlar zamanı minlərlə insanın həyatını itirdiyini ilk dəfə rəsmən etiraf edib. 


Postxronika.az xəbər verir ki, Xamenei baş verən ölümlərə və dağıntılara görə birbaşa ABŞ Prezidenti Donald Trampı günahlandıraraq onu "cinayətkar" adlandırıb. O, Trampın nümayişçilərə hərbi dəstək vədi verərək onları qızışdırdığını iddia edib.

Xamenei etirazçıları iki qrupa bölərək, onların bir hissəsinin ABŞ və İsrail tərəfindən maliyyələşdirilən "agentlər", digərlərinin isə manipulyasiya edilən "sadəlövh gənclər" olduğunu bildirib. 


İnsan haqları təşkilatları isə ölənlərin sayının 3000-dən çox olduğunu, təhlükəsizlik qüvvələrinin dinc əhaliyə damlardan atəş açdığını qeyd edirlər. Buna cavab olaraq Donald Tramp Xameneini "xəstə adam" adlandırıb və onu xalqını öldürməyi dayandırıb ölkəni düzgün idarə etməyə çağırıb.


Hazırda İranda 24 mindən çox insanın həbs edildiyi və bəzi nümayişçilərin edam təhlükəsi ilə üz-üzə qaldığı bildirilir. Yanvarın 8-dən kəsilən internet xidməti isə hələ də tam bərpa olunmayıb və cəmi 2% səviyyəsindədir. 


Xamenei iqtisadi vəziyyətin çətin olduğunu qəbul etsə də, xalqı "İslam sistemini" müdafiə etmək üçün birliyə səsləyib.