Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiya ilə bağlı təhdidlərinə cavab olaraq Avropanın şantaj edilməyəcəyini bəyan edib.
Postxronika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu muxtar ərazinin satışına qarşı çıxan səkkiz müttəfiq dövlətə qarşı 10 faizlik yeni gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Ağ Ev rəhbəri adanın ABŞ-nin milli təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını və bu hədəfə "asan və ya çətin yolla" nail olacağını vurğulayıb. Buna qarşı çıxan Avropa liderləri isə birgə bəyanat yayaraq, ticarət rüsumlarının transatlantik münasibətlərə ciddi zərbə vuracağını və suverenlik prinsiplərinin toxunulmaz olduğunu bildiriblər.
Qrenlandiyada aparılan sorğular əhalinin 85 faizinin ABŞ-nin tərkibinə keçməyə etiraz etdiyini, paytaxt Nuukda isə geniş etiraz aksiyalarının başladığını göstərir. Tərəflər arasındakı bu gərginliyin yaxın günlərdə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda müzakirə ediləcəyi gözlənilir.