1994-cü ildə çəkilmiş “The Lion King” filminin rejissorlarından biri, Oskar və Toni mükafatlarına namizəd olmuş animasiya rejissoru Roger Allers şənbə günü 76 yaşında dünyasını dəyişib.
The Hollywood Reporter nəşrinə Disney Animation nümayəndəsinin verdiyi məlumata görə, Allers Santa-Monika şəhərindəki evində qısa sürən xəstəlikdən sonra qəfil vəfat edib.
29 iyun 1949-cu ildə ABŞ-ın Nyu-York ştatının Rye şəhərində anadan olan Allers animasiyaya marağını erkən yaşlarından göstərib və Arizona Dövlət Universitetində incəsənət üzrə ali təhsil alıb.
O, rejissor kimi debütünü “Walt Disney Animation Studios” üçün Rob Minkoff ilə birgə çəkdiyi “The Lion King” animasiya filmi ilə edib. Film ilkin kinoteatr nümayişi zamanı inflyasiya nəzərə alınmadan dünya üzrə təxminən 979 milyon dollar gəlir əldə edərək 1994-cü ilin ən çox gəlir gətirən filmi olub.
Allers “The Lion King”dən əvvəl də “Disney”in bir sıra məşhur animasiya layihələrində çalışıb. Onun iştirak etdiyi filmlər arasında “Aladdin”, “Beauty and the Beast”, “The Little Mermaid”, “Oliver & Company” və “Rescuers Down Under” yer alır. O, həmçinin 1982-ci ildə çəkilmiş və kompüter qrafikasından geniş istifadə edən ilk iri büdcəli filmlərdən biri sayılan “Tron”un hazırlanmasında da rol oynayıb.