İtaliyanın Turin şəhərindəki arbitraj məhkəməsi “Yuventus” klubunun Kriştianu Ronalduya 9,7 milyon avro ödəməsi ilə bağlı apellyasiya şikayətini təmin etməyib.

Postxronika.az xəbər verir ki, 2024-cü ildə arbitraj məhkəməsi pandemiya dövründə təxirə salınmış maaş və bonusların bir hissəsi olaraq “Yuventus”u portuqaliyalı futbolçuya 9,7 milyon avro ödəməyə məcbur etmişdi.  Qeyd edək ki, həmin məbləğ 2021-ci ilə qədər razılaşdırılsa da, oyunçuya ödənilməmiş və bu, Ronaldunun klub qarşısında hüquqi iddia qaldırmasına səbəb olmuşdu.

Xatırladaq ki, 2018–2021-ci illərdə Turin klubunun heyətində çıxış edən 40 yaşlı hücumçu 134 oyunda 101 qol vurub və iki İtaliya çempionluğu, iki Superkubok, eləcə də bir İtaliya Kuboku qazanıb.