Günəşdə baş verən son dərəcə güclü partlayış nəticəsində yaranan şiddətli Günəş tufanı Yerə çatıb və alimlər bəzi regionlarda nadir hallarda müşahidə olunan qütb işıqlarının görünə biləcəyini bildirirlər.

Postxronika.az xəbər verir ki, ABŞ Milli Hava Xidmətinin Kosmos Hava Durumu Təxmin Mərkəzi (SWPC) bu hadisəni 5 ballıq şkala üzrə 4-cü səviyyə kimi qiymətləndirib. Mütəxəssislərin sözlərinə görə, bu, son 20 ilin ən güclü Günəş tufanıdır və oxşar intensivlikdə hadisə sonuncu dəfə 2003-cü ilin oktyabrında qeydə alınıb. 

Qeyd olunur ki, bu cür kosmik hadisələr peyk rabitəsi, GPS sistemləri, aviasiya və elektrik şəbəkələrində nasazlıqlara səbəb ola bilər. Eyni zamanda, alçaq Yer orbitindəki astronavtlar və qütb marşrutları ilə uçan sərnişin təyyarələri üçün radiasiya riski artır. Alimlər aktiv Günəş ləkəsi bölgəsindən yaxın günlərdə yeni partlayışların baş verə biləcəyini və onların da Yerə yönəlmə ehtimalının yüksək olduğunu istisna etmirlər.