Azərbaycan xalqının azadlıq mübarizəsinin ən mühüm simvollarından biri olan 20 Yanvar faciəsi bu gün Türkiyə mediasında geniş işıqlandırılıb. 

Postxronika.az xəbər verir ki, qardaş ölkənin nüfuzlu xəbər platformaları bu tarixi günü həm bir qəhrəmanlıq dastanı, həm də Sovet İmperyasının süqutunu sürətləndirən həlledici hadisə kimi təqdim edir.


Faciəyə Gedən Yol və Xalqın Etirazı

Türk mediasında yer alan məlumatlarda: 1980-ci illərin sonunda ermənilərin Qarabağla bağlı əsassız torpaq iddiaları və 1989-cu ilin dekabrında Ermənistan SSR Ali Sovetinin Qarabağın Ermənistana birləşdirilməsi barədə qanunsuz qərarı Azərbaycan xalqının sərt reaksiyasına səbəb olmuşdu. Yüz minlərlə insan Bakının Azadlıq meydanına toplaşaraq Sovet rəhbərliyinə öz etirazını bildirmişdi.

19-dan 20-nə Keçən Gecə: Qanlı Qırğın

Xəbərlərdə xüsusi vurğulanır ki, sovet istihbaratı yanvarın 19-u axşam saatlarında Azərbaycan televiziyasının enerji blokunu partladaraq xalqın məlumat almasını əngəlləmişdi. Gecə saatlarında isə 26 minlik sovet ordusu 5 fərqli istiqamətdən Bakıya daxil olaraq silahsız dinc əhaliyə qarşı qırğın törədib:

150 mülki şəxs həyatını itirib.

744 nəfər ağır yaralanıb.

Təxminən 400 nəfər qanunsuz olaraq saxlanılıb.


Azadlığın qiyməti

Türk mediası qeyd edir ki, sovet ordusunun qadın və uşaq fərqi qoymadan törətdiyi bu qətliam Azərbaycan xalqının müstəqillik əzmini sarsıda bilmədi, əksinə, azadlıq şüurunu daha da alovlandırdı. Aradan 36 il keçməsinə baxmayaraq, bu tarix həm kədər, həm də xalqın yenilməzlik rəmzi kimi qeyd olunmaqdadır.