Qətər Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına cavab verib. Nazirliyin sözçüsü bildirib ki, İsrailin etirazları Qətərin Qəzza münaqişəsinin həllində iştirakına mane olmayacaq.
Postxronika.az xəbər verir ki, Qətər beynəlxalq konsensus və Qəzzada atəşkəs sazişi çərçivəsində ABŞ ilə məsləhətləşmələr aparır və “Sülh Şurası”nın yaradılması prosesində iştirak edir. “Biz vasitəçilik prosesində fəal iştirak edirik və Amerika hökuməti ilə daimi əlaqədəyik. İsrailin etirazları bizim üçün həlledici deyil”, – deyə sözçü vurğulayıb.
Açıqlamada İsrailin Qətərin rolunu rədd edən mövqeyinin qəbul edilmədiyi bildirilib: “İsrailin mövqeyi Qətərin üzərinə götürdüyü rolu yerinə yetirməsinə mane olmayacaq. Qətər Qəzzada atəşkəs sazişinin uğurla icrasına sadiqdir”.
Nazirlik beynəlxalq ictimaiyyəti də prosesə daha aktiv cəlb olunmağa çağırıb. Bildirilib ki, Qəzzaya texnokratik komissiyanın daxil olmasına icazə verilməsi üçün İsrailə təzyiq göstərilməlidir.