Yanvarın 19-da Romadakı evində vəfat edən 93 yaşlı məşhur italiyalı dizayner Valentino Garavani moda dünyasının “son imperatoru” kimi tanınırdı.

Postxronika.az "NTv" yə istinadən xəbər verir ki, Valentino 1959-cu ildə yaratdığı markası və onunla formalaşdırdığı “Valentino qırmızısı” ilə bir dövrə damğa vurub.
Garavani Jacqueline Kennedy-nin 1968-ci ildə geyindiyi gəlinliyindən tutmuş, Elizabeth Taylorun "Spartacus" filminin qala gecəsindəki libasına, Julia Robertsin 2001-ci il Oscar mərasimində geyindiyi ağ-qara donundan Cate Blanchettin mükafat gecələrində seçdiyi geyimlərə qədər bir çox ikonik görünüşün müəllifi olub.
Bu dizaynlar " Valentino" adını moda tarixinə silinməz şəkildə yazdırıb.

QIRMIZININ DOĞULUŞU

“Valentino qırmızısı” dizaynerin imzasına çevrilib. Barselonada izlədiyi bir opera gecəsində qırmızının səhnədə yaratdığı təsirdən ilham alan Garavani bu rəngi markanın ayrılmaz simvolu edib. O deyirdi ki, Qırmızı markanın loqosu qədər güclü bir dəyərdir.

1998-ci ildə şirkətini satdıqdan sonra bir neçə dəfə əl dəyişdirən Valentino 2008-ci ildə təşkil olunan möhtəşəm defilə ilə podiumla vidalaşıb.
“Artıq dizayndan çox şirkət idarəçiliyinin danışıldığı bir sistemin parçası olmaq istəmədim”, – deyə o, qərarını izah edib.

Garavani təqaüd illərində də lüks və estetikadan imtina etməyib. Roma, Paris, London, Nyu-York və Gstaaddakı evləri sənətə və qonaqpərvərliyə verdiyi önəmlə tanınıb. Həyatını sənədli filmlər və kitablarla da yaddaşa köçürən dizayner modada bir dövrün simvolu kimi qəbul olunur.

Ölümündən əvvəl öz sözləri ilə desək, o, “gözəlliyi harada tapsa, onun ardınca gedən bir insan” kimi moda tarixindəki yerini alıb.