Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə xarici ölkələrdə silsilə anım tədbirləri təşkil edib.

Postxronika.az xəbər verir ki, silsilə tədbirlər Türkiyə, Fransa, İtaliya və Avstriyanı əhatə edib.

Türkiyənin Yalova şəhərində keçirilən tədbir Yalova Universitetinin Türk Dünyası Klubu ilə əməkdaşlıq çərçivəsində baş tutub. Panel müzakirəsi və foto-sərgidən ibarət olan görüşdə 1990-cı ilin Qanlı Yanvar gecəsində sovet ordusunun törətdiyi vəhşiliklərdən bəhs edilib.

Tədbirdə xüsusi olaraq vurğulanıb ki, hadisədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev həyatını təhlükəyə ataraq sovet rəhbərliyini kəskin şəkildə ittiham edib və faciəyə ilk siyasi qiyməti verib. İştirakçılar daha sonra faciəni əks etdirən foto-sərgi ilə tanış olublar.

Avstriyanın paytaxtı Vyanada keçirilən anım mərasimində Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli çıxış edib. Səfir bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər sayəsində həm 20 Yanvar, həm də Qarabağ şəhidlərinin qisası alınıb. Tədbir çərçivəsində Avstriyada təhsil alan gənclərlə faciənin beynəlxalq hüquq kontekstində qiymətləndirilməsi müzakirə olunub.

Fransanın Paris şəhərində baş tutan tədbirdə isə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik əzmini daha da gücləndirdiyini qeyd edib. Səfir SSRİ rəhbərliyinin əmri ilə dinc əhaliyə qarşı törədilən hərbi təcavüzün detallarını iştirakçıların diqqətinə çatdırıb. Görüşdə Fransada yaşayan azərbaycanlı gənclərlə tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının vacibliyi vurğulanıb.


Hüseyn Rəşadoğlu