ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı kəskin və mübahisəli açıqlamalar verib. O bildirib ki, ABŞ-dən başqa heç bir ölkə və ya ölkələr qrupu Qrenlandiyanı müdafiə edə bilməz və Vaşinqtonun hərbi gücü insanların düşündüyündən qat-qat böyükdür.
Postxronika.az xəbər verir ki, Tramp İkinci Dünya Müharibəsini xatırladaraq Danimarkanın Almaniyaya qısa müddətdə təslim olduğunu, Qrenlandiyanı isə məhz ABŞ-nin müdafiə etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin müharibədən sonra Qrenlandiyanı Danimarkaya qaytarması “axmaq addım” olub və hazırda Vaşinqtona qarşı “nankorluq” nümayiş etdirilir.
ABŞ lideri Qrenlandiyanın satın alınmalı olduğunu açıq şəkildə bəyan edib və bu istiqamətdə dərhal danışıqlara başlanacağını bildirib. O, Qrenlandiyanın NATO üçün təhlükə yaratmayacağını, əksinə, alyansın təhlükəsizliyini gücləndirəcəyini deyib. Tramp həmçinin adada “Qızıl günbəz” raketdən müdafiə sisteminin elementlərinin yerləşdirilməsinin vacibliyini qeyd edib.
Tramp Fransa və Kanadaya da toxunaraq Fransanın İkinci Dünya Müharibəsində ABŞ sayəsində xilas olduğunu, Kanadanın isə ABŞ olmadan mövcud ola bilməyəcəyini iddia edib. O həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenskinin razılaşma istədiyini bildirib.
ABŞ prezidentinin bu açıqlamaları Qrenlandiya ətrafında artan geosiyasi gərginliyin daha da dərinləşdiyini göstərir.
Türkanə Muradlı