“Wall Street Journal” qəzetinin redaksiya heyəti İranın xarici işlər naziri Abbas Əraqçının qəzetdə dərc olunan məqaləsinə cavab olaraq onun irəli sürdüyü iddiaların İran İslam Respublikasının mahiyyətini və real niyyətlərini açıq şəkildə ortaya qoyduğunu bildirib.
Postxronika.az xəbər verir ki, Qəzet Əraqçının İranda baş verən etirazların arxasında İsrailin dayandığına dair iddiasını rədd edib və sual ünvanlayıb: əgər etirazlarda xarici təsir olubsa, İran hakimiyyəti niyə etirazçılara atəş açıldığı vaxt interneti kəsərək məlumatların dünyaya yayılmasının qarşısını alıb?
WSJ-nin redaksiya yazısında həmçinin qeyd olunub ki, İranın ABŞ Prezidenti Donald Trampa verdiyi mesaj mahiyyət etibarilə ultimatum xarakteri daşıyır: ya Vaşinqton Tehrana daxili təzyiqləri artırmağa və nüvə silahı istehsalına başlamağa mane olmayacaq, ya da mümkün nəticələrlə üzləşəcək.
Qəzetin mövqeyi İranla bağlı Qərb mediasında artan tənqidi yanaşmanın və etimadsızlığın daha da gücləndiyini göstərir.