Qrenlandiya ətrafında yaranan gərginlikdə Türkiyənin ABŞ ilə Avropa arasında vasitəçi rol oynaya biləcəyi bildirilib

Postxronika.az xəbər verir ki, Brookings İnstitutunun Strobe Talbott Təhlükəsizlik, Strategiya və Texnologiya Mərkəzinin xarici siyasət üzrə eksperti və sabiq diplomat Filip Qordon bu fikri ABŞ Prezidenti Donald Trampın Davosdakı çıxışından sonra səsləndirib. Qordon Trampın çıxışının avropalılar üçün sərt tonlu olsa da, danışıqlar üçün imkan yaratdığını və Qrenlandiya məsələsində güc tətbiq edilməyəcəyinə dair açıqlamanın gərginliyin azalmasına töhfə verdiyini deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-nin mümkün tarif və sanksiyalarına cavab hazırlasa da, tərəflər üçün zərərli ola biləcək eskalasiyanın qarşısını almaq şansı yaranıb. Ekspert Trampın Prezident Rəcəb Tayyib Ərdoğan haqqında müsbət mövqe sərgilədiyini xatırladaraq, Türkiyənin həm ABŞ-la əlaqələri qorumağa, həm də regionda balanslı siyasət yürütməyə çalışdığını vurğulayıb. Qordon xüsusilə transatlantik münasibətlərin zəiflədiyi bir dövrdə Ankaranın diplomatik çəkisinin yüksək olduğunu və prosesə real töhfə verə biləcəyini qeyd edib.