Avropa Parlamenti (AP) İranda baş verən etirazlarla bağlı Tehran hakimiyyətini sərt şəkildə tənqid edən qətnamə qəbul edib.

Postxronika.az xəbər verir ki, AP Baş Assambleyasında keçirilən səsvermədə sənəd 562 lehinə, 9 əleyhinə səslə, 57 bitərəf qalmaqla qəbul olunub. Qətnamədə minlərlə etirazçının öldürülməsi ilə bağlı narahatlıq ifadə olunaraq, bunun hakimiyyətin müxalifətə qarşı repressiv siyasətində təhlükəli dönüş yaratdığı bildirilib.

Deputatlar həbs edilən bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad olunmasını tələb ediblər. Sənəddə Avropa İttifaqı Şurasına İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınması, sanksiyaların genişləndirilməsi və internet senzurasının pislənməsi çağırışı yer alıb. AP üzvləri həmçinin İranla münasibətlərin yalnız siyasi məhbusların azad edilməsi və demokratiya ilə hüququn aliliyinə real irəliləyişdən sonra normallaşa biləcəyini vurğulayıblar.