Böyük Britaniya hökumətinin "qətiyyətli addımlar" vəd etməsinə baxmayaraq, Rusiyaya məxsus onlarla sanksiyalı neft tankeri yanvar ayında Manş boğazından maneəsiz keçib.

Postxronika.az xəbər verir ki, Rusiya Ukraynadakı müharibəni maliyyələşdirmək və ixrac məhdudiyyətlərindən yayınmaq üçün mənşəyi gizlədilmiş yüzlərlə köhnə gəmidən ibarət "kölgə donanması"ndan aktiv istifadə edir. BBC-nin araşdırmasına görə, rəsmi Londonun həmin gəmiləri saxlamaq üçün hüquqi icazə almasına rəğmən, qeydiyyatı saxtalaşdırılmış 40-dan çox tanker Britaniya sularından keçərək yoluna davam edib.

​Hətta bəzi hallarda Rusiya hərbi gəmilərinin bu nəqliyyat vasitələrini müşayiət etdiyi, rəsmi Moskvanın isə hər hansı müdaxiləni beynəlxalq hüququn pozulması kimi qiymətləndirəcəyi bildirilir. Ekspertlər vurğulayırlar ki, Kreml iqtisadiyyatını ayaqda saxlayan bu ticarətin qarşısını almaq üçün sanksiyaların yalnız kağız üzərində qalmaması və dənizdə real nəzarətin gücləndirilməsi vacibdir. Hazırda Rusiya xam neftinin təxminən 68%-i məhz bu cür gizli fəaliyyət göstərən donanma vasitəsilə dünya bazarına çıxarılır.