Yapon parlamenti Diet-in aşağı palatası olan Nümayəndələr Palatası erkən ümumi seçkilərin keçirilməsi məqsədilə buraxılıb

Postxronika.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına əsasən, palata bu səhər yeni qanunvericilik dövrünün ilk iclasında özünü ləğv edib. Normalda səlahiyyət müddəti 2028-ci ilə qədər davam etməli olan parlamentin buraxılması ölkədə təcili seçki prosesinə start verib. 

Fevralın 8-də keçiriləcək ümumi seçkilər üçün seçki kampaniyası yanvarın 27-də başlayacaq. Baş nazir Takaiçi Sanae bu addımı baş nazirlik fəaliyyəti ilə bağlı xalqdan etimad almaq zərurəti ilə əsaslandırıb. 2025-ci ilin oktyabrında Yaponiyanın ilk qadın baş naziri kimi vəzifəyə başlayan Takaiçi erkən seçkilərin onun siyasi gələcəyini birbaşa seçicilərin ixtiyarına verəcəyini bildirib.