İranda pisləşən iqtisadi vəziyyətə görə başlayan nümayişlərdə təhlükəsizlik qüvvələri ilə qarşıdurma nəticəsində ölənlərin olduğu bildirilir.
Postxronika.az xəbər verir ki, Çaharmahal və Bəxtiyari vilayətinin Lordegan bölgəsində baş verən toqquşmalarda ən azı iki nəfər həyatını itirib, Lorestan vilayətində isə bir hərbçi öldürülüb.
Yerli media nümayişçilərin inzibati binalara və banklara hücum etdiyini, polisin isə kütləni dağıtmaq üçün sərt müdaxilə etdiyini qeyd edir. Valyutanın rekord dərəcədə ucuzlaşmasına etiraz edən tacirlər, tələbələr və digər vətəndaşlar ölkənin bir çox şəhərlərində küçələrə axışaraq anti-rejim şüarları səsləndiriblər.
ABŞ Dövlət Departamenti baş verənlərlə bağlı narahatlığını ifadə edərək rəsmi Tehranı dinc nümayişçilərə qarşı zorakılığı dayandırmağa çağırıb. 2022-ci ildəki iğtişaşlardan bəri ən böyük etiraz dalğası hesab olunan bu hadisələr ölkədə daxili gərginliyin kritik həddə çatdığını göstərir.