Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən son görüşdə ABŞ-nin yeni administrasiyasının iqtisadi təşviqlərini müsbət qiymətləndirsə də, Ukrayna böhranının Moskva üçün ekzistensial əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Postxronika.az xəbər verir ki, dövlət başçısı milli mövcudluq məsələsinin hər hansı maddi qazancdan daha önəmli olduğunu və təhlükəsizlik amilinin bütün iqtisadi maraqları üstələdiyini qeyd edib.
Rusiyanın əsas şərtləri arasında Ukraynanın NATO-ya üzvlüyünün həm kollektiv, həm də ABŞ tərəfindən fərdi şəkildə yazılı şəkildə rədd edilməsi xüsusi yer tutur. Putin rəsmi Kiyevin uzaqmənzilli ballistik raketlərdən və ağır silahlardan imtina etməsini, həmçinin ölkə ərazisində heç bir xarici hərbi kontingentin yerləşdirilməməsini tələb edir. Sülhün təminatı üçün gələcək Ukrayna rəhbərliyinin hərbi müdaxiləyə əl atmayacağına dair öhdəlik götürməsi və rəsmi Kiyevin Donbası tərk etməsi başlıca şərtlər kimi irəli sürülüb. Rusiya tərəfi də öz növbəsində qarşılıqlı təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bəyan edib.