Tarixi proseslərə nəzər saldıqda belə bir sual yaranır: Niyə dərsliklərimiz, dastanlarımız və hətta kinofilmlərimiz xoşbəxtlikdən daha çox kədərlə zəngindir? Niyə bizə sülh dövrləri deyil, qanlı müharibələr, dinc hökmdarlar deyil, dramatik süqutlar öyrədilir? Məşhur deyimdə vurğulandığı kimi, "Tarix yalnız bədbəxtləri yazır" ideyası sadəcə bir pessimist aforizm deyil, əslində tarixin, ədəbiyyatın və insan psixologiyasının təməl işləmə mexanizmidir. Bu yazıda biz tarixin niyə xoşbəxtliyi sükutla keçişdirdiyini, böyük liderlərin niyə faciəvi obrazlara çevrildiyini və beynimizin niyə yalnız ağrılı xatirələri yaddaş kitabına həkk etdiyini müxtəlif disiplinlər kəsişməsində analiz edəcəyik.
Hegelin "Xoşbəxtlik Teatrı"na Etirazı
Tarix fəlsəfəsinin ən böyük sütunlarından biri olan alman mütəfəkkiri Gyorq Vilhelm Fridrix Hegel, dünya tarixini bir "xoşbəxtlik teatrı" kimi görməkdən qətiyyətlə imtina edirdi. Onun fikrincə, tarixin hərəkətverici qüvvəsi harmoniya deyil, ziddiyyətdir. Hegelin "Tarix Fəlsəfəsi mühazirələri"ndə qeyd etdiyi kimi, xoşbəxtlik dövrləri tarixin boş səhifələridir. Çünki harmoniya və razılığın olduğu yerdə inkişaf dayanır, antitezis yoxa çıxır və ruh özünü reallaşdırmaq üçün lazımi mübarizə meydanını itirir.
Yadda qalan bədbəxtlik
Ədəbi düha Lev Tolstoy özünün "Anna Karenina" romanını dünya ədəbiyyatı tarixinə həkk olunmuş o məşhur cümlə ilə başlayır: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir". Bu ifadə sadəcə bədii bir giriş deyil, həm də tarixin niyə bədbəxtliyə bu qədər heyran olduğunu izah edən elmi bir modeldir. Elm dünyasında bu, "Anna Karenina Prinsipi" kimi tanınır. Bu prinsipə görə, bir işin uğurlu olması üçün onlarla fərqli amilin hər biri eyni vaxtda və mükəmməl şəkildə yerində olmalıdır: sağlamlıq, maliyyə sabitliyi, qarşılıqlı hörmət, sadiqlik və s.. Bu amillərdən birinin belə çatışmazlığı mütləq bədbəxtliyə yol açır. Çünki xoşbəxtliyin bir standartı var. Lakin bədbəxtliyin ssenarisi sonsuzdur.
Tarixi hekayəçilikdə də vəziyyət eynidir. Xoşbəxt insanların, sülh içində yaşayan xalqların hekayəsi yoxdur, çünki orada hər şey "düzgün" işləyir. Fransız atalar sözü olan "Les peuples heureux n'ont pas d'histoire" – Xoşbəxt xalqların tarixi yoxdur. Bir xalqın tarixinin maraqlı olması üçün o, mütləq sınaqlardan keçməli, xəyanətlər görməli və böyük itkilər verməlidir.
Xoşbəxtlik insanların hədəflədiyi idealdır, amma bədbəxtlik konkret və hadisələrlə dolu prosesdir. Heç kim insanın niyə xoşbəxt olduğunu soruşmur, amma hamı onun bədbəxtliyi haqqında bilmək istəyir.
İskəndər, Sezar və Napoleonun Tragik Mirası
Tarix sadəcə rəqəmlər və hekayələr toplusu deyil; o həm də böyük liderlərin həyat dramıdır. Makedoniyalı İskəndər, Qay Yuli Sezar və Napoleon Bonapart kimi şəxsiyyətlər tarixin ən çox xatırlanan və ən çox bəhs edilən simalarıdır. Lakin diqqət yetirdikdə görürük ki, onları "böyük" edən sadəcə qələbələri deyil, həm də daxili faciəvi sonlarıdır. Makedoniyalı İskəndər 30 yaşında dünyanın ən böyük imperiyasını qurdu, lakin 33 yaşında Babilin isti divarları arasında, naməlum bir xəstəlikdən və ya bəlkə də ən yaxınlarının xəyanəti ilə vəfat etdi. Onun ölümü ilə imperiyası dərhal parçalandı, varisləri isə qətlə yetirildi. Hegel qeyd edir ki, bu cür fərdlər ruhun vasitəsi kimi öz vəzifələrini yerinə yetirdikdən sonra, "boş qabıqlar" kimi kənara atılırlar. Onların şəxsi xoşbəxtliyi tarixin gedişatında heç bir rol oynamır. Qay Yuli Sezar isə 33 yaşında İskəndərin heykəli qarşısında "O, mənim yaşımda bütün dünyanı fəth etmişdi, mən isə hələ heç nə etməmişəm" deyərək hönkür-hönkür ağlayırdı. Zirvəyə çatdıqda isə, o ən yaxın dostu Brutun xəncəri ilə Senatın ortasında qanlar içində can verdi. Napoleon Bonapartın sonu da fərqli olmadı; bütün Avropanı diz çökdürən imperator Müqəddəs Yelena adasında tənha və xərçəng xəstəliyindən əzab çəkərək həyatla vidalaşdı. Niyə tarix bu liderlərin tikdiyi yollardan və ya apardığı administrativ islahatlardan çox, onların müsibətlərini vurğulayır? Çünki bədbəxtlik bir lideri "insanlaşdırır" və onu unudulmaz edir. Napoleonun St. Yelena sürgünündə dediyi iddia edilən bir söz bu tragik reallığı mükəmməl ifadə edir:
"İskəndər, Sezar, Şarlman və mən imperiyalar qurduq. Amma biz dahiliyimizi nəyin üzərində qurduq? Gücün. İsa isə öz imperiyasını sevgi üzərində qurdu; və bu saat milyonlarla insan onun üçün ölməyə hazırdır". Tarix, güclü olanın iztirabını qeyd edərək gələcək nəsillərə səssiz bir dərs verir.
Psixoloji araşdırmalar göstərir ki, insan beyni neqativ stimul və informasiyalara qarşı pozitivlərdən daha həssasdır. Bu, bioloji olaraq sağ qalma instinktindən qaynaqlanır. Mağara dövründə yaşayan əcdadımız üçün ləzzətli bir yeməyi unutmaq problem deyildi, lakin bir dəfə hücum edən vəhşi heyvanın simasını unutmaq ölümcül ola bilərdi.
Bu bioloji miras tarixin yazılma formasına da sirayət edib. Biz fəlakətləri, epidemiyaları və qəddar hökmdarları ona görə daha detallı xatırlayırıq ki, onlar bizim kollektiv təhlükəsizlik yaddaşımızın bir hissəsidir. Neyroelmi sübutlar göstərir ki, neqativ hadisələr beyindəki amigdalanın, yəni beynin həyəcan zənginin 2/3-ni işğal edir.
Ağ-qara kölgələrdə melanxoliya
Kino sənəti tarixin bədbəxtlik meylini vizual bir dilə çevirib. Xüsusilə ağ-qara filmlər və film noir janrı kədərin rəngsizliyini bizə ən çılpaq şəkildə nümayiş etdirir.
Rejissor Stiven Spilberq "Şindlerin siyahısı" filmini niyə məhz ağ-qara çəkdiyini belə izah edirdi: "Holokost işıqsız bir həyat idi. Mənim üçün həyatın simvolu rəngdir. Ona görə də Holokost haqqında film mütləq ağ-qara olmalıdır". Ağ-qara estetika beynimizdə "keçmiş" və "həqiqət" algısı yaradaraq bizi personajın daxili ağrısı ilə birbaşa qarşı-qarşıya qoyur.
Klassik "Kasablanka" filmindəki o dumanlı hava, Rikin üzündəki tənha kölgələr tarixin bədbəxtliyə olan sonsuz sevgisinin vizual təzahürüdür.
Rikin "Dünyadakı bütün şəhərlərdəki bütün barların arasından gəlib mənimkinə girməli idi" cümləsi, taleyin bədbəxtlər üçün qurduğu o qaçılmaz və unudulmaz tələni simvolizə edir. Bu filmlərdə xoşbəxtlik yalnız bir xatirə və ya uzaq bir xəyaldır; real olan isə mübarizə və kədərdir.
Hekayənin bitdiyi yerdə həyat başlayır, hekayənin başladığı yerdə isə artıq xoşbəxtlik bitmiş olur.
Müjgan Əhməd