Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar paytaxt Tripolidə Türkiyə–Liviya Karma İqtisadi Komissiyasının 22-ci iclası və Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində açıqlamalar verib.

Postxronika.az xəbər verir ki, Nazir bildirib ki, təxminən 17 ildən sonra yenidən toplanan komissiya enerji başda olmaqla nəqliyyat, səhiyyə, təhsil və ticarət kimi bütün sahələri əhatə edən mühüm əməkdaşlıq mexanizmidir. 

Bayraktar Türkiyə ilə Liviya arasında ticarət dövriyyəsinin 2025-ci ildə 4,4 milyard dollar olduğunu, 2026-cı ildə isə bu rəqəmin 5 milyard dolları keçəcəyini qeyd edib.

Onun sözlərinə görə, aparılan çoxşaxəli danışıqlar və layihələr fonunda 2026-cı il Türkiyə–Liviya münasibətlərində dönüş nöqtəsi olacaq və “enerji ili” kimi yadda qalacaq. Nazir Türkiyə Petrollarının Liviyada mövcud və yeni yataqlarla bağlı danışıqlar apardığını, beynəlxalq şirkətlərlə birgə əməkdaşlıqların genişləndiriləcəyini vurğulayıb.

Bayraktar əlavə edib ki, bu fəaliyyətlərin real nəticələri məhz 2026-cı ildən etibarən aydın şəkildə görünməyə başlayacaq.