"Azad İstehlakçılar" İctimai Birliyinin (AİİB) növbəti yığıncağında idarə heyətinin tərkibi dəyişməz qalsa da, Nəzarət-Təftiş Komissiyasına yeni üzv seçilib.

Postxronika.az xəbər verir ki, 25 yanvar 2026-cı il tarixində AİİB-in ənənəvi 29-cu Ümumi Yığıncağı keçirilib.

1998-ci ildən bəri hər il eyni gündə baş tutan və bu il 14 rayon nümayəndəliyinin iştirak etdiyi iclasda sədr Eyyub Hüseynovun illik hesabatı, maliyyə və təftiş komissiyasının rəyləri dinlənilib.

Yığıncağın qərarına əsasən, Birliyin İdarə Heyətinə etimad göstərilərək tərkib olduğu kimi saxlanılıb:

Sədr: Eyyub Hüseynov

Sədr müavini: Miryaqub Ələkbərov

Üzvlər: Nüsrət Qasımov, Habil İsgəndərov, Əlisəfa Mehdiyev.

Lakin Nəzarət-Təftiş Komissiyasının (NTK) tərkibində dəyişiklik baş verib. Tanınmış karikaturaçı Seyran Cəfərli komissiyaya yeni üzv seçilib. NTK-nın tərkibi İlqar Əliyev, Nizami Musayev və Seyran Cəfərli olmaqla təsdiqlənib.

Sonda Ədliyyə Nazirliyi reyestrindən çıxarışın alınması üçün Eyyub Hüseynova səlahiyyət verilməsi barədə qərar qəbul edilib.