İraqın baş nazirliyinə namizəd Nuri Əl Maliki Suriyada mövcud vəziyyətlə bağlı sərt açıqlamalar verib. O bildirib ki, Suriya hazırda Türkiyə və İsrailin təsiri altındadır və ölkəni idarə edən strukturda İraqda həbs olunmuş terrorçular yer alır.

Postxronika.az xəbər verir ki, Əl Maliki Haşdi-Şabi və Kətaib qruplaşmalarının ləğvinin İraqın maraqlarına zidd olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qruplar İraq ordusunun tərkib hissəsidir və ölkənin təhlükəsizliyinin əsas dayaqlarından sayılır. Bildirib ki, sözügedən silahlı dəstələrin tərksilah edilməsi mümkün deyil, çünki onlar artıq rəsmi orduya inteqrasiya olunublar.

O, həmçinin qeyd edib ki, Suriyada vaxtilə Bukka düşərgəsində saxlanılan İŞİD-in keçmiş üzvləri hazırda hakimiyyətdə təsir imkanlarına malikdir. Əl Maliki əlavə edib ki, İraq İŞİD təhlükəsindən böyük ölçüdə qurtulsa da, Suriyada bu qruplaşmanın təsiri hələ də güclüdür.