İran ABŞ-la dolayı danışıqların davam etdiyini açıqlayıb
RH
İranın ABŞ-dakı səfiri Məhəmməd Mukaddəm Tehran və Vaşinqton arasında dolayı danışıqların Qətər və Pakistanın vasitəçiliyi ilə davam etdiyini bildirib. O, tərəflər arasında mesaj mübadiləsinin əvvəlki dövrlə müqayisədə zəiflədiyini də qeyd edib.
Postxronika.az TRT Haber-e istinadən xəbər verir ki, Mukaddəm CNN telekanalına müsahibəsində vasitəçilərin təklif və fikirləri tərəflərə çatdırdığını, İranın isə onları nəzərdən keçirdiyini söyləyib. Səfir iyunda müharibənin başa çatdırılması məqsədilə imzalandığını bildirdiyi İslamabad Memorandumunun ABŞ-la müzakirələrin əsasını təşkil etdiyini vurğulayıb.
İranın ABŞ və İsraillə qarşıdurmasını “mövcudluq mübarizəsi” kimi xarakterizə edən diplomat mümkün yeni hücumlara cavab vermək üçün ölkəsinin hazırlıqlı olduğunu iddia edib. O, həmçinin Tehranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq barədə hələlik qərar vermədiyini, lakin ölkə daxilində bu istiqamətdə ictimai təzyiqin artdığını bildirib.