AZCON və “Samruk-Kazyna” strateji əməkdaşlığı genişləndirir
RH
AZCON Holding-in nümayəndə heyəti Qazaxıstana səfəri çərçivəsində “Samruk-Kazyna” Fondunun rəhbərliyi ilə görüşüb və iki mühüm sənəd imzalayıb. Şirkətlər arasında razılaşdırılan ilk müqavilə Ələt və Kurık limanları arasında “Xəzər körpüsü” yeni nəsil bərə sisteminin yaradılmasını nəzərdə tutur. Layihə dəniz keçidinə sərf olunan vaxtı azaltmaqla Orta Dəhlizin rəqabət qabiliyyətini və logistika imkanlarını gücləndirməyi hədəfləyir.
Postxronika.az ADY istinadən xəbər verir ki, ikincisi isə Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı dəniz və dəmir yolu qurumları arasında imzalanıb. Müqavilə çərçivəsində terminalın əməliyyat fəaliyyətini həyata keçirəcək birgə müəssisənin təsisi və investisiya modelinin dəqiqləşdirilməsi planlaşdırılır. Görüşdə həmçinin dəniz infrastrukturu və korporativ idarəetmə sahəsində təcrübə mübadiləsinin aparılması da diqqət mərkəzində olub.
Transxəzər marşrutu üzrə nəqliyyat infrastrukturunun yenilənməsi regional ticarət əlaqələrinin inkişafına mühüm təkan verir. Müasir terminalların və yeni bərə sistemlərinin istifadəyə verilməsi Azərbaycanın tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. İki ölkənin iri holdinqlərinin birgə layihələri beynəlxalq yük axınlarının etibarlı və sürətli daşınmasına zəmin yaradır.