COP31 danışıqları yekun mərhələyə keçir
RH
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 iqlim konfransı ikinci və son həftəsinə qədəm qoyub.
Postxronika.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, BMT-nin iqlim üzrə yüksəkvəzifəli rəsmisi danışıqlar aparan tərəfləri ən mürəkkəb məsələlərin həllinə sürətlə keçməyə və taktiki gecikmələrdən çəkinməyə çağırıb.
Müharibələr və inflyasiya kimi qlobal böhranların hökumətlərin diqqətini iqlim dəyişikliyi ilə mübarizədən yayındırdığı bildirilir. Eyni zamanda, iri yanacaq istehsalçıları və istehlakçıları neft, qaz və kömürdən imtinanı sürətləndirəcək yeni öhdəliklərə qarşı çıxırlar.
Bu fikir ayrılıqları sammitə ev sahibliyi edən Türkiyə və aparıcı danışıqçı Avstraliya üçün iddialı yekun sazişin əldə olunmasını çətinləşdirir.
Qeyd edək ki, BMT-nin ötən ay dərc etdiyi hesabatda dünyanın 1,5 dərəcə Selsi istiləşmə həddini aşmaq üzrə olduğu barədə xəbərdarlıq edilib. Alimlər bu həddin keçilməsinin planetdə geri dönməz ekoloji fəsadlara səbəb ola biləcəyini bildirirlər.