Fransada sosial etirazlar siyasi böhrana çevrilir
RH
Fransada yüksək yaşayış xərcləri və ictimai xidmətlərdəki problemlər səbəbindən başlayan ümummilli etirazlar kütləvi iğtişaşlarla müşayiət olunub.
Postxronika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, aksiyalar zamanı mağazalar talan edilib, şəhər meriyasının binası yandırılıb, bir sıra yeniyetmə etirazçılar xəsarət alıblar. Hökumət rəsmiləri baş verənlərə görə dinc aksiyalardan istifadə edən ifrat solçu radikalları və cinayətkar qrupları günahlandırıblar.
Polisin sərt müdaxiləsi, minlərlə şəxsin saxlanılması və yürüşlərə qoyulan məhdudiyyətlər cəmiyyətdəki narazılığı daha da artırıb. Asayiş keşikçilərinin müdaxiləsi nəticəsində bəzi gənclərin əl və göz nahiyəsindən ağır xəsarətlər alması araşdırmalara səbəb olub.
BMT və insan hüquqları müdafiəçiləri məktəb blokadaları zamanı təxminən 7 min nəfərin saxlanılmasından narahatlıqlarını bildiriblər. Polis qüvvələrinin yeniyetmələrə dəyənəklə müdaxiləsini əks etdirən görüntülərin yayılması valideynlərin, müəllimlərin və həmkarlar ittifaqlarının etirazçılara dəstəyini artırıb.
Gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində sosial-iqtisadi tələblərlə başlayan etirazlar Fransada siyasi gərginliyi dərinləşdirir. Hakimiyyətin ictimai asayişi qorumaq cəhdləri ilə vətəndaşların sərbəst toplaşmaq azadlığı arasındakı ziddiyyət ölkədə daxili sabitlik üçün ciddi sınağa çevrilib.